Stasionar sutəmizləmə sistemləri

Sutəmizləmə sistemləri öz ölçülərinə, quruluşlarına, istifadə yerlərinə görə müxtəlif olur. Ən sadə sutəmizləmə sistemi dolça tipli filtr su qabları hesab olunur. Analoji olaraq, sənaye müəssisələri üçün saatda tonlarla suötürmə gücünə malik irihəcmli sutəmizləmə sistemləri də mövcuddur.

İçməli su təminatınız üçün su filtrinə ehtiyacınız yaranarkən ilk növbədə hansı həcmdə və evinizin daha çox hansı köşəsində təmizlənmiş suya ehtiyacınız olduğunu müəyyən etməlisiniz.

Əgər bu ehtiyac daha çox mənzilinizin mətbəx hissəsindədirsə, yaxşı olar ki, stasionar su filtrləri ilə maraqlanasınız. Bu növ su filtrləri orta həcmli sutəmizləmə sistemləri olaraq qəbul edilir və, adətən, mətbəxdə qabyuyan dolabın altında yerləşdirilir.

Haqqında bəhs etdiyimiz stasionar filtrlər ən azı iki pillədən ibarət olur. Avadanlığın gövdəsini təşkil edən bu pillələrin (modulların) daxilində suyu filtrasiya edən materiallardan ibarət filtr yerləşir. Bu filtr materialları polipropilen, aktivləşdirilmiş kömür, kokos kömürü və digər təmizləyici xassəli maddələrdən ibarət ola bilər.

Modulların tərkibindəki filtrlər ev şəraitində rahatlıqla dəyişdirilə bilər. Filtrlərin dəyişmə vaxtı suyun istifadə tempindən və modulun fuksiyasından asılı olaraq, bir aydan iki ilə qədər müddəti əhatə edir.

Bu tip sutəmizləmə sistemləri bir çox hallarda 5-7 litr həcmə malik əlavə su çəni ilə təmin olunur. Bəzi modellərdə, məsələn, Akvafor Morion (Aquaphor™) stasionar sistemində bu çən ümümi korpusun daxilində yerləşdirilmiş olur. Demək olar, bütün bu növ su filtrasiya sistemləri kompaktdır; istənilən qabyuyan dolaba asan yerləşdirmək mümkün olur.

Mətbəxlərin unikal içməli su həlli - stasionar sutəmizləmə sistemləri texniki xarakteristikasına görə iki yerə bölünür:
 

1. Sadə stasionar sistemlər - suyu mexaniki çirkdən təmizləyir, qoxunu və suyun codluğunu aradan qaldırır;

2. Əks-osmos stasionar sistemlər - suyu molekulyar səviyyədə təmizləyir, mineral tərkibini zənginləşdirir və aşağı su təzyiqində tam çalışır.
 

Ümumiyyətlə, mənzillərin mətbəxində içməli su filtri quraşdırarkən suyun verilmə təzyiqinə diqqət yetirmək, ailə üzvlərinin sayını nəzərə almaq vacib şərtlərdəndir. Qərar verdikdən sonra məhsul seçimi edərkən peşəkar usta rəyi ilə daha səmərəli nəticəyə sahib ola bilərsiniz. 

Stasionar sutəmizləmə sistemləri mətbəxinizdə təmiz, içməli su məsələsinin effektiv həllidir. Bu vasitə ilə dadlı təamlar bişirərkən, çay və qəhvə hazırlayarkən keyfiyyətli su ilə təmin olunursunuz. Filtr ilə təmin olunmuş bu cür krantdan gələn suyu birbaşa stəkana doldurub içmək də məsləhət görülür. Meyvə-tərəvəzlər bu tip su ilə yuyulduqda daha steril və təravətli olur.

Stasionar filtrlərin bütün bu sadalanan faktorları mətbəxinizdə başlayan qida prosesini daha sağlam formaya salmağınız və ailənizin qayğısına qalmağınız üçün sizə yardım edəcəkdir.